Çimərlik mövsümünün başladığı 1 iyun tarixindən etibarən qadağan olunmuş su hövzələrində, qeyri-çimərlik ərazilərdə 10 azyaşlı uşaq boğularaq batıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında məlumat verilir.
Azərbaycanda çimərlik mövsümü başlayandan qadağan olunmuş su hövzələrində, qeyri-çimərlik ərazilərdə 28 nəfər suda boğularaq batıb. Bununla əlaqədar FHN respublika vətəndaşlarına ünvanlanan xəbərdarlıqla çıxış edib.
Sənəddə qeyd olunur ki, çimmək üçün qadağan olunmuş su hövzələrinə, qeyri-çimərlik ərazilərə valideynlərinin nəzarəti olmadan üz tutan azyaşlıların, yeniyetmələrin sayı artıb.
Fövqəladə Hallar Nazirliyi vətəndaşların bir daha nəzərinə çatdırır ki, isti yay günlərində uşaqların qeyri-qanuni çimərliklərdə hərəkətlərini məhdudlaşdırsınlar, onların xüsusilə küləkli havada dalğalı suya nəzarətsiz şəkildə daxil olmalarına icazə verməsinlər, Dövlət Sularda Xilasetmə Xidmətinin xilasedicilərinin tələblərinə sözsüz əməl etsinlər.