“Azəri-Çıraq-Günəşli” (AÇG), “Şahdəniz” yataqlarının işlənməsi və Bakı-Tiflis-Ceyhan boru kəmərinin tikintisi layhələri üzrə podratçı şirkətlər 2008-2012-ci illərdə $3 mlrd. 310,7 mln. məbləğində sifariş yerinə yetiriblər. Bu barədə "bp" şirkətinin Azərbaycanda 2012-ci il üçün Davamlı inkişaf haqqında hesabatında qeyd edilir.
“Bu məbləğdən $1 mlrd. 961 mln. dəyərində sifariş birgə müəssisələr, $182,1 mln. dəyərində sifariş dövlət müəssisələri, $1 mlrd. 167,6 mln. dəyərində sifariş isə kiçik və orta müəssisələr tərəfindən yerinə yetirilib”, - deyə sənəddə bildirilir.
“bp” şirkətinin və onun Azərbaycandakı tərəfdaşlarının 2008-2012-ci illər ərzində sosial layihələrin reallaşmasına investisiyaları $22,2 mln. təşkil edib.
“Azəri”, “Çıraq” və “Dərinsulu Günəşli” yataqlarının işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və həmin il dekabrın 12-də qüvvəyə minib. Layihənin iştirakçıları Böyük Britaniyanın “bp” (35,78%), Amerikanın “Chevron” (11,27%), “ExxonMobil” (8,0006%), Hindistanın “ONGC Videsh Limited” (2,72%), Yaponiyanın “Inрex” (10,96%) və “İtochu” (4,3%), Azərbaycanın SOCAR (11,65%) şirkətləridir.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları: “bp” (operator – 25,5%), “Statoil” (25,5%), SOCAR (10%), “LUKoil” (10%), “NICO” (10%), “Total” (10%) və “TPAO” (9%) şirkətləridir.
“BTC” layihəsinin iştirakçıları “bp” (30.1%); SOCAR (25.00%); “Chevron” (8.90%); “Statoil” (8.71%); TPAO (6.53%); ENI (5.00%); “Itochu” (3.40%); “ConocoPhillips” (2.50%); INPEX (2.50%), “Total” (5.00%) və “ONGC Videsh Limited” (2.36%) şirkətləridir.