Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən bu ilin birinci yarısında 200 şəxs barəsində 100 cinayət işinin istintaqı tamamlanaraq baxılmaq üçün müvafiq məhkəmələrə göndərilib.
Bu cinayət işləri rüşvət vermə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, səhlənkarlıq, mənimsəmə və israf etmə, dələduzluq faktları üzrə qaldırılıb. Bu barədə cari ilin birinci yarısının yekunlarına həsr olunmuş mətbuat konfransında çıxış edən idarə rəisi Kamran Əliyev məlumat verib.
Onun sözlərinə görə, hesabat dövründə törədilmiş və ya hazırlanan cinayətlər barədə idarənin əməliyyat qurumları tərəfindən 301 müraciət araşdırılıb. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 16, o cümlədən korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış materiallar üzrə 4 cinayət işi başlanıb. Həmin işlərdən 7-si üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyatı məhkəmələrə göndərilib.
Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 16,460 mln. manat ziyandan istintaq müddətində 7,961 mln. manat və ya 48,4%-i ödənilib, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.
K. Əliyev qeyd edib ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə bu müddət ərzində 3237 müraciət daxil olub, həmin müraciətlərin 14-ü üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmaqla istintaq aparılıb.