Baş Prokurorluq Xaçmaz rayonunun Seyidli kəndində yerləşən “Nabran Holiday Village” istirahət mərkəzində baş vermiş bədbəxt hadisə ilə bağlı məlumat yayıb.
İyulun 21-də günorta saatlarında mərkəzin əməkdaşlarının səhlənkarlığı nəticəsində Bakı sakini, 2010-cu il təvəllüdlü İmran Cəfərzadə ağır xəsarət alıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, İ.Cəfərzadə atası ilə birlikdə qeyd edilən tarixdə saat 12:30 radələrində istirahət etdikləri mərkəzin ərazisindəki hovuzun içərisində suda olarkən hovuzun yaxınlığında quraşdırılmış “Akvapark” adlanan qurğu işlək vəziyyətə gətirilib. Bu zaman su borusunun hovuzun içərisindəki hissəsində təhlükəsizliyi təmin edəcək qoruyucu barmaqlıq olmadığından yaxınlıqda olan azyaşlı İ.Cəfərzadənin hər iki ayağı həmin borunun içərisinə daxil olaraq ağır xəsarət alıb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1 (əmək mühafizəsi qaydalarını pozma) və 314.2-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb.
Cinayət işinin istintaqı Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb.