SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Rumıniyada SOCAR brendi altında yeni yanacaqdoldurma məntəqəsi (YDM) istismara verib. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
“Yeni yanacaqdoldurma məntəqəsi Neamt iqtisadi regionunun Roman şəhərində istismara verilib. Stansiya 2 min kvadrat metrlik sahəni əhatə edir. Burada Euro Dizel 95, Super Euro Dizel 98, Benzin 95 və 98 tipli neft məhsulları, maye qaz təklif olunur. Stansiyada 4 kiçik avtonəqliyyat vasitəsinin və 2 iri tutumlu yük maşınının eyni zamanda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb”, - deyə məlumatda qeyd olunur.
Bu stansiya nəzərə alınmaqla Rumıniyada SOCAR brendi altında fəaliyyət göstərən YDM-in sayı 16-ya çatıb, bunların 4-ü Neamt regionundadır.
Xəbər verildiyi kimi, SOCAR 2013-cü il ərzində Rumıniyada özünün YDM şəbəkəsınin genişləndirilməsinə 50 mln. avro məbləğində investisiya yatırmağı planlaşdırır.
SOCAR 2011-ci ildən Rumıniyada fəaliyyətə başlayıb.