Gürcüstan Mərkəzi Seçki Komissiyasına (MSK) oktyabrın 27-də keçiriləcək prezident seçkilərində iştirak etmək üçün vətəndaşlardan 23 ərizə daxil olub.
MSK-nın mətbuat xidmətinin rəhbəri Eka Azaraşvili çərşənbə günü jurnalistlərə bildirib ki, 23 ərizədən ikisinə rədd cavabı verilib və prezidentliyə namizəd kimi qeydiyyata alınma proseduru dayandırılıb, çünki bu şəxslər ikili vətəndaşlığa malikdirlər ki, bu da Gürcüstan qanunvericiliyinə ziddir.
“Prezidentliyə namizəd kimi qeydiyyatdan keçmək üçün ərizə vermiş vətəndaşlar özlərinin 26530 tərəfdarının imzasını sentyabrın 17-nə qədər MSK-ya təqdim etməlidirlər, sentyabrın 27-də prezidentliyə namizədlərin qeydiyyat prosesi başa çatacaq”, - deyə E.Azaraşvili qeyd edib.
O bildirib ki, Gürcüstan prezidentliyinə real namizədlərdən biri, sabiq xarici işlər naziri Salome Zurabişvili də ikili vətəndaşlığa malik olduğu üçün onun prezident seçkilərində iştirak etməsinə icazə verilməyəcək. “Hələ ki, Salome Zurabişvili seçkilərdə iştirak etmək üçün MSK-ya ərizə verməyib”, - deyə E.Azaraşvili əlavə edib.
Bununla yanaşı, hazırda Gürcüstan parlamentində ikili vətəndaşlığı olan şəxslərin prezident, baş nazir və parlament sədri postlarına seçilməsinə imkan verəcək qanun layihəsinə baxılır.
Gürcüstanın indiki baş naziri Bidzina İvanişvilinin Gürcüstan vətəndaşlığı yoxdur. O, Fransa vətəndaşıdır.