Penitensiar müəssisələrin əməliyyat aparatlarının respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı nəticəsində ilin birinci yarısında 132 müxtəlif cinayətin üstü açılıb. Bu barədə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev bəyan edib.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2013-cü ilin birinci yarım ili ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş əməliyyat şurasında çıxışında M.Quliyev vurğulayıb ki, qadağan olunmuş əşyaların cəzaçəkmə müəssisələrinə keçirilməsinin qarşısının alınması, habelə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə xüsusi diqqət mərkəzində olub.
“Belə ki, 2013-cü ilin birinci yarısında penitensiar müəssisələrdə keçirilmiş əməliyyat-baxış tədbirləri nəticəsində 1636 manat pul, 105,5 litr spirtli içki, 321 mobil telefon, 82,6 qram çəkidə müxtəlif narkotik vasitələr aşkar edilərək götürülüb”, - deyə o bildirib.
M.Quliyevin sözlərinə görə, hesabat dövründə Penitensiar Xidmətin 51 əməkdaşı müxtəlif intizam məsuliyyətinə cəlb olunub.
Penitensiar Xidmətin rəisi vurğulayıb ki, hesabat dövrü ərzində məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası, penitensiar sistemdə qanunçuluğun təmin edilməsi, nizam-intizamın möhkəmləndirilməsi, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi, habelə nöqsanların aradan qaldırılması ilə bağlı müəyyən nəticələr əldə edilib, mövcud nöqsanların aradan qaldırılması üzrə tədbirlər davam etdirilir.