Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktorunun müavini təyin edilib. Bu barədə ARDNF-dən məlumat verilib.
Prezident İlham Əliyevin 23 iyul 2013-cü il tarixli sərəncamı ilə İsrafil Məmmədov Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktorunun müavini vəzifəsinə təyin edilib.
İsrafil Məmmədov bu vaxtadək Azərbaycan Respublikası Dövlət Neft Fondunun Vəsaitlərin İdarə edilməsi müdiriyyətinin müdiri vəzifəsində çalışıb. Daha öncələr həmçinin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində attaşe, Azərbaycan Respublikasının Böyük Britaniyada və Şimali İrlandiya Krallığındakı səfirliyində birinci, ikinci, üçüncü katib, Dövlət Neft Şirkətinin Böyük Britaniyadakı nümayəndəsi vəzifələrində çalışıb.
İ.Məmmədov Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq İqtisadi Əlaqələr fakültəsini bitirib.
Neft Fondunda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən daxil olan gəlirlər toplanır.