Mədəniyyət və Turizm Nazirliyi iki yaşlı uşağın şikəst olmasına səbəb olmuş bədbəxt hadisə ilə əlaqədar Xaçmaz rayonu ərazisində yerləşən "Nabran" istirahət mərkəzinin lisenziyasını ləğv edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bu qərar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılmış Monitorinq Komissiyasının hadisə yerində apardığı yoxlamalar nəticəsində qəbul edilib.
Hazırda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən respublika ərazisində fəaliyyət göstərən müvafiq müəssisələrdə hovuzlardan təhlükəsiz istifadə qaydaları hazırlanıb və 5 gün ərzində icra olunmasını təmin etmək məqsədilə sahibkarlara göndərilib.
Qaydalar icra olunmadığı təqdirdə müəssisə turistlərin təhlükəsizliyinin təmin edilməməsi səbəbilə müvafiq sanksiyalara məruz qalacaq.