Mərkəzi Seçki Komissiyası (MSK) cari ilin oktyabr ayında keçiriləcək prezident seçkilərində pozuntulara yol verilməməsi üçün bütün tədbirləri görəcək.
“İnterfaks-Azərbaycan” agentliyinin Gəncə bürosunun məlumatına görə, bu barədə MSK sədri Məzahir Pənahov çərşəınbə günü Gəncədə 38 saylı Nizami 2-ci Dairə Seçki Komissiyasının yeni binasının açılışında bəyan edib.
“Seçki komissiyaları üçün bütün şərait yaradıldıqdan, ictimaiyyət maarifləndirildikdən sonra seçkilərdə hansısa xoşagəlməz halların baş verməsinə bizim haqqımız yoxdur”, - deyə MSK sədri vurğulayıb.
Onun sözlərinə görə, hamı seçkilərə şəxsi işi kimi yanaşmalıdır.
“Biz seçkiyə öz şəxsi işimiz kimi yanaşmalı və əlimizdən gələn bütün işləri görməliyik ki, ölkədə keçirilən seçkilərə kimsənin qəsdən kölgə salmağa imkanı olmasın. Bu, bizim vəzifə borcumuzdur, xüsusilə də komissiyaların”, - deyə M.Pənahov qeyd edib.
O deyib ki, 2007-ci ildən bu günə kimi 125 dairədən 100-ü üçün yeni binalar tikilib.
“Azərbaycanda demokratik seçkilərin keçirilməsini təmin etmək üçün hər cür şərait yaradılıb”, - deyə M.Pənahov bəyan edib.