ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan-Azərbaycan probleminin uzanmasına görə məsuliyyəti münaqişə tərəflərinin üzərinə atmağa çalışırlar. Bu barədə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov 2013-cü ilin birinci yarısında Mərkəzin fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında bəyan edib.
“ATƏT-in Minsk Qrupunun həmsədrləri son bəyanatlarında müəyyən çaşqınlıq nümayiş etdirərək, Qarabağ probleminin həll olunmamasına görə məsuliyyəti münaqişə tərəflərinin üzərinə atmağa çalışıblar,”, - deyə F.Məmmədov vurğulayıb.
SAM direktoru ATƏT-in Minsk Qrupunu Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı konkret mövqe tutmamaqda və Qarabağ probleminin beynəlxalq hüququn norma və prinsipləri əsasında mərhələli şəkildə həllinə nail olmamaqda ittiham edib.
“Münaqişənin həlli üçün ilk növbədə Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır. Buna nail olmayan həmsədr ölkələr danışıqlarda yaranan fasiləyə görə münaqişə tərəflərini ittiham etməyə çalışaraq, bütün məsuliyyəti üzərindən atır”, - deyə F.Məmmədov qeyd edib.
O, vasitəçiləri daha qətiyyətli mövqe tutmağa və Ermənistan rəhbərliyini münaqişənin həlli istiqamətində konstuktivlik nümayiş etdirməyə dəvət etməklə İrəvana təzyiq göstərməyə çağırıb.
“Azərbaycan və Türkiyədən başqa heç kim Ermənistan rəhbərliyinin yürütdüyü təcavüzkar siyasətə mane olmağa çalışmır. Beynəlxalq birlik bu məsələdə daha prinsipial olmalıdır”, - deyə F.Məmmədov vurğulayıb.