Bakıətrafı qəsəbələrdə ikisi ölümlə nəticələnmiş 3 yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cümə axşamı Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Sabunçu rayonunun Maştağa qəsəbəsində İmişli rayon sakini Qismət Salahovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil paytaxt sakini Züleyxa Hüseynovanı vurub. Hadisə piyadanın ölümü ilə nəticələnib.
Həmin yaşayış məntəqəsində markası təyin edilməmiş avtomobil Ramana qəsəbə sakini Azər Məmmədovu vuraraq hadisə yerindən qaçıb. Yaralı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, bir qədər sonra dünyasını dəyişib.
Zabrat qəsəbəsində də avtomobilin piyadanı vurması faktı qeydə alınıb. Markası təyin edilməmiş avtomobil qəsəbə sakini Rəcəbəli İmaməliyevi vuraraq hadisə yerindən qaçıb. Müxtəlif dərəcəli bədən xəsarətləri almış piyada Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Bu faktlarla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi açılıb, qəza törətmiş avtomobillərin markalarının və dövlət nömrələrinin təyin edilməsi üzrə axtarış-istintaq tədbirləri həyata keçirilir.