“Xəzər-Lənkəran” futbol klubunun azarkeşi İsrailin “Makkabi” klubu ilə keçirilən oyun zamanı dünyasını dəyişib.
azerisport.com idman portalının məlumatına görə, cümə axşamı Avropa Liqasının seçmə raundunun Lənkəranda “Xəzər-Lənkəran” və “Makkabi” komandaları arasında keçirilən cavab oyunu zamanı yerli komandanın azarkeşlərindən birinin halı pisləşib. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Məlumat rəsmi olaraq təsdiq edilməyib və ölən şəxsin kimliyi müəyyən olunmayıb.
“Xəzər-Lənkəran” komandası öz meydanında hayfalı futbolçulara 8:0 hesabı ilə məğlub olub. Elə oyunun birinci hissəsində qonaqlar rəqibin qapısından 6 top keçirə biliblər.
Həmin gün Azərbaycanın digər futbol klubu “Qarabağ”ın iştirakı ilə keçirilən seçmə oyun zamanı başqa bir insident qeydə alınıb. Komanda bununla bağlı UEFA-ya şikayət etmək qərarına gəlib. azerisport.com portalının xəbər verdiyi kimi, oyun zamanı Polşanın “Piast” komandasının azarkeşləri tribunalarda qondarma Dağlıq Qarabağ Respublikasının bayrağını qaldırıblar və Azərbaycan klubunun nümayəndələri bu görüntüləri lentə alıblar. Bu, Avropa Futbol İttifaqının İntizam Komissiyasında araşdırma mövzusu olacaq.
“Xəzər-Lənkəran” komandasının uğursuz oyunçularından fərqli olaraq “Qarabağ” komandasının futbolçuları polşalı rəqibləri ilə keçirdikləri iki oyunun nəticələrinə görə Avropa Liqasının üçüncü seçmə mərhələsinə vəsiqə qazanıblar.