Azərbaycanda abituriyentlərin hazırlıq səviyyəsi hər il artır. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə cümə günü mətbuat konfransında məlumat verib.
“Azərbaycanda yüksək bal toplayan abituriyentlərin sayı artır. Məsələn, III ixtisas qrupu üzrə Polis Akademiyasına qəbul olanların arasında 135 nəfər 500 baldan yuxarı, 35 nəfər 600 baldan yuxarı, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına qəbul olanlardan 33 nəfər 500 baldan, onlardan 12 nəfər isə 600 baldan yuxarı, I ixtisas qrupu üzrə MTN-nin informatika fakültəsinə qəbul olanlardan 11 nəfər 500-dən, iki nəfər 600-dən yuxarı, Fövqəladə Hallar Nazirliyinin Akademiyasına qəbul olan 12 nəfər 500 baldan, 2 nəfər isə 600 baldan yuxarı nəticə göstərib”, - deyə o bldirib.
I ixtisas qrupu üzrə keçid balının 150 bala endirilməsi məsələsinə toxunan M.Abbaszadə qeyd edib ki, TQDK ötən ilin nəticələrinin monitorinqini keçirib. Monitorinq göstərib ki, bu tələbələr akademik proqramı mənimsəyirlər və onlardan heç biri aşağı göstəricilərlə daxil olduğu ali məktəbdən çıxarılmayıb.
“Məktəbi bu il bitirən I ixtisas qrupunun abituriyentlərindən 1962 nəfərin attestatda ən azı bir “2” qiyməti var. III ixtisas qrupunda belə abituriyentlərin sayı 1270 nəfər təşkil edir”, - deyə M.Abbaszadə bildirib.