Almaniya Federativ Respublikasının Azərbaycanda yeni fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Bu barədə Almaniyanın Bakıdakı səfirliyinin cümə günü yaydığı məlumatda bildirilir.
Məlumata görə, Almaniyanın Azərbaycandakı diplomatik missiyasına Haydrun Tempel rəhbərlik edəcək. O, bu postda ötən həftə prezident İlham Əliyevlə vidalaşmış Herbert Kvelleni əvəz edəcək.
H.Tempel əvvəllər Almaniyanın Xarici İşlər Nazirliyinin mədəniyyətlərarası dialoq üzrə səfiri və xüsusi müvəkkil vəzifəsində, həmçinin Brüssel və Cakartada fəaliyyət göstərib.
"Azərbaycan xüsusi qonaqpərvərliyi və tolerantlığı ilə seçilən gözəl bir ölkədir. Mən yeni fəaliyyətimə görə çox məmnunam. Hədəfim Azərbaycan və Almaniyanı bir-birinə daha da yaxınlaşdırmaq və bizim sıx iqtisadi və mədəni əlaqələrimizi daha da dərinləşdirməkdir", - deyə H.Tempel təyinatını şərh edərkən bildirib.