Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) növbəti prezident seçkiləri ərəfəsində dairə və məntəqə seçki komissiyalarının sədrləri üçün ixtisaslaşdırılmış kurslar təşkil edir. Bu barədə MSK sədri Məzahir Pənahov cümə günü komissiyanın iclasında məlumat verib.
“MSK ölkədə demokratik seçkilərin keçirilməsini təmin etmək üçün müntəzəm olaraq dairə və məntəqə seçki komissiyalarının sədrləri üçün ixtisaslaşdırılmış kurslar təşkil edir”, - deyə M.Pənahov bildirib.
Onun sözlərinə görə, Bakıda dairə seçki komissiya rəhbərləri üçün ixtisaslaşdırılmış kurslar iyulun 29-dan avqustun 2-nə qədər təşkil olunacaq. Daha sonra regionlarda məntəqə seçki komissiyalarının sədrləri üçün kurslar keçiriləcək.
Kurslar Azərbaycan prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"na əsasən təşkil edilib.
“Dairə seçki komissiyalarının sədrləri üçün 10 günlük, məntəqə seçki komissiyalarının sədrləri üçün 3 günlük kurslar təşkil ediləcək”, - deyə MSK-nın sədr müavini Natiq Məmmədov bildirib.
Azərbaycanda növbəti prezident seçkiləri bu ilin oktyabr ayında keçiriləcək.
Bakıda dairə seçki komissiya sədrləri üçün təşkil olunacaq kurslarda MSK sədri Məzahir Pənahov, Prezident Administrasiyası rəhbərinin müavini Zeynal Nağdəliyev, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov, ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, ədliyyə nazirinin müavini Azər Cəfərov, daxili işlər nazirinin müavini Oruc Zalov, baş prokurorun birinci müavini Rüstəm Usubov iştirak edəcəklər.