2013-cü ilin I yarısında Azərbaycanın kimya müəssisələri kimya məhsullarının istehsal həcmini 2012-ci ilin analoji dövrü ilə müqayisədə 6,5% artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Hesabat dövründə ölkədə 135,5 mln. manat məbləğində kimya, əczaçılıq, rezin və plastik kütlə məmulatları istehsal olunub. Bu dövrdə yalnız kimya sənayesində istehsalın həcmi 6,5% artıb”, - deyə məlumatda qeyd edilir.
I yarımillikdə yod istehsalı 20,8% - 133,8 tona qədər, alüminium sulfat və ya barium sulfat istehsalı 24,8% - 34,8 min tona qədər, izopropil spirt istehsalı 71,6% - 9,6 min tona qədər, lak-boya məhsulları istehsalı 36,5% - 2 min 105,7 tona qədər artıb.
Hesabat dövründə propilen istehsalında 24% - 15,1 min tona qədər, polietilen istehsalında 6,4% - 43,6 min tona qədər azalma qeydə alınıb.