Növbəti prezident seçkilərinin keçirilməsi Azərbaycan üçün dünyaya demokratiya nümunəsinin nümayiş etdirilməsi istiqamətində yaxşı imkandır. Bu barədə ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay dairə seçki komissiyalarının rəhbərləri üçün təşkil edilmiş ixtisaslaşdırılmış kurslarda bəyan edib.
Onun sözlərinə görə, bu məsələdə Mərkəzi Seçki Komissiyasının üzərinə xüsusi məsuliyyət düşür.
K.Tarqay qeyd edib ki, azad və ədalətli seçkilərin keçirilməsi istənilən dövlətin demokratik inkşafının təminatıdır.
ATƏT-in Bakı ofisinin rəhbəri vurğulayıb ki, Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün hüquqi baza həm ölkə Konstitusiyası, həm də prezidentin sərəncamları ilə təmin edilib. Onun sözlərinə görə, Azərbaycan demokratik seçkilərin keçirilməsinə dair beynəlxalq öhdəlikləri ratifikasiya edib.
“Qeyd etmək lazımdır ki, zəruri hüquqi bazanın yaradılması ilə yanaşı, seçki prosesinin keyfiyyətcə yaxşılaşmasına yönəlmiş real addımların atılması da vacibdir”, - deyə söyləyən K.Tarqay vurğulayıb ki, ATƏT demokratik seçkilərin keçirilməsi üçün Azərbaycana istənilən dəstəyi göstərməyə hazırdır.
“Biz seçicilərin seçki prosesindən razı qalmaları üçün MSK və Azərbaycan Prezident Administrasiyası ilə birgə mümkün olan hər şeyi etməyə hazırıq”, - deyə ATƏT-in Bakı ofisinin rəhbəri bildirib.