Beynəlxalq Maliyyə Korporasiyası (İFC) Azərbaycanda enerji səmərəliliyi və alternativ enerjinin maliyyələşdirilməsi məqsədilə "Bank Respublika"ya $14 mln. ayırıb. Bu barədə korporasiyanın Bakı nümayəndəliyinin məlumatında deyilir.
Bazar ertəsi İFC və “Bank Respublika” arasında bank üçün kredit xəttinin açılmasına dair saziş imzalanıb.
Xəbər verildiyi kimi, “Bank Respublika” kredit vəsaitini Azərbaycanda kiçik və orta biznesin kreditləşməsinin artırılmasına, davamlı enerji sektorunun inkişafına, yeni iş yerlərinin yaradılmasına yönəltməyi planlaşdırır. Kredit vəsaiti xüsusilə davamlı enerji və enerji səmərəliliyi ilə bağlı layihələrin dəstəklənməsinə sərf olunacaq.
Layihənin ümumi dəyəri $15 mln. təşkil edir, daha $1 mln. “Canada Climate Change Program” tərəfindən ayrılır.
Bu, İFC-nin Azərbaycanda davamlı enerji sektoruna ilk investisiyasıdır.
“Bank Respublika” 1992-ci il fevral ayının 17-də yaradılıb. Bankın səhmdarları Almaniyanın ən iri maliyyə institutları - “KfW” bank qrupunun üzvü “DEG” İnvestisiya Korporasiyası və “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü “SIDT”dir (“25% + 1 səhm” həcmində səhm paketinə malikdirlər).
“Bank Respublika” Azərbaycanda aparıcı bankların onluğuna daxildir.
Azərbaycan 1995-ci ildən IFC-nin üzvüdür. Əməkdaşlıq dövründə korporasiya Azərbaycanda 67-dən çox layihənin maliyyələşdirilməsinə $393 mln. yönəldib. Bundan başqa, İFC bu layihələrin reallaşdırılması üçün digər kredit təşkilatlarından $73 mln. vəsaitin cəlb olunmasına yardım edib.