Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən respublikanın regionlarında həyata keçirilən əməliyyatlar nəticəsində narkotik vasitələrin istehsalı, saxlanması və satışında şübhəli bilinən şəxslər saxlanılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə axşamı Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub regional şöbəsinin əməkdaşları Lənkəran rayonunun Şağlaküçə kənd sakini Zeytulla Nuriyevin həyətyanı sahəsinə baxış keçirərkən ümumi çəkisi 5 kq olan çətənə kolları aşkar ediblər.
Balakəndə isə polis əməkdaşları Hənifə kənd sakini Muhoddin Cərçiyevi saxlayıblar. Onun həyətindən ümumi çəkisi 2 ton olan çətənə kolları aşkarlanıb. Evdə axtarış aparılarkən isə 3,93 kq qurudulmuş çətənə kolu tapılaraq müsadirə edilib.
Bundan başqa, Sabunçu rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində Balaxanı qəsəbə sakini Dilavər Quliyevin həyətində kultivasiya üsulu ilə becərilmiş 2,2 kq çətənə kolu aşkar edilib.
Faktlarla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.