Azərbaycanın hüquq-mühafizə orqanları ölkədə prezident seçkilərinin normal gedişini pozmaqla bağlı istənilən cəhdin qarşısını almağa hazırdır. Bu barədə daxili işlər nazirinin müavini Oruc Zalov bəyan edib.
“Azərbaycanın daxili işlər orqanları ölkədə sabitliyi uğurla təmin edir, bu isə növbəti prezident seçkilərini demokratik və normal şəraitdə keçirməyə imkan yaradacaq. Seçki prosesinin gedişini pozmaqla bağlı istənilən cəhdin qarşısı hüquq-mühafizə orqanları tərəfindən qətiyyətlə alınacaq”, - deyə O.Zalov çərşənbə axşamı Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyaları sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda çıxışı zamanı vurğulayıb.
Onun sözlərinə görə, hazırda Azərbaycanda cinayətkarlıq MDB-nin digər ölkələri ilə müqayisədə ən aşağı səviyyədədir.
“Bu gün Azərbaycanda hər 100 min nəfərə orta hesabla 232 cinayət düşür. Bu, MDB-nin digər ölkələrində olduğundan aşağıdır. Baxmayaraq ki, müstəqillik illərində Azərbaycan əhalisinin sayı iki milyon nəfər artıb”, - deyə nazir müavini qeyd edib.
O.Zalov bildirib ki, DİN növbəti prezident seçkiləri ilə əlaqədar MSK ilə birgə fəaliyyət planı hazırlayıb, həmin plana nazirliyin paytaxtda və ölkə regionlarında bütün şəxsi heyəti cəlb olunacaq.
Onun sözlərinə görə, hazırda respublikada şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi məqsədilə səs vermək hüququna malik vətəndaşların siyahısının dəqiqləşdirilməsi üzrə tədbirlər görülür.
“Biz seçkilərin keçiriləcəyi vaxta 18 yaşı tamam olan bütün respublika vətəndaşlarının şəxsiyyət vəsiqəsi almasında və səsvermə hüququndan istifadə etməsində maraqlıyıq”, - deyə O.Zalov vurğulayıb.
Nazir müavini seçkilərin keçiriləcəyi vaxtda respublikada hüquq-mühafizə orqanlarının sabitliyin təmin edilməsi üzrə səyləri iki-üç dəfə artırmağa hazır olduqlarını qeyd edib.
Onun sözlərinə dörə, DİN həmçinin seçkilər ərəfəsində icazəli aksiyaların keçirilməsi üçün lazımi şəraiti təmin etməyə, o cümlədən seçkilərin gedişini işıqlandırmaq üçün maneələri aradan qaldırmağa hazırdır.