“Azərsu” ASC 2015-ci ilə qədər Şəmkir şəhərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını başa çatdırmağı planlaşdırır. Bu barədə ASC-nin saytında məlumat verilir.
“Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin yenidən qurulması layihəsi”nin icrasına 2011-ci ilin oktyabrında başlanılıb. Tikinti-quraşdırma işləri 2014-cü ildə başa çatdırılacaq”, - deyə məlumatda qeyd olunur.
Şəmkir şəhərinə içməli su Cəyir çayın hövzəsində tikilmiş drenaj sistemindən veriləcək. Su mənbəyindən anbara qədər 480 mm diametrli borularla 7 km uzunluğunda magistral, müxtəlif diametrli borularla 5 km anbarlararası su xətləri çəkilib, tutumu 7 min kubmetr olan su anbarı tikilib.
Bundan başqa, yeni tikilmiş xlorator qurğusu və laboratoriya binasında son tamamlama işləri aparılır.
Şəhərdə ümumi uzunluğu 238 km olan şəhərdaxili su şəbəkəsinin 64 km-lik hissəsi çəkilib, 1800-dən artıq abonent şəbəkəyə qoşulub, 735 ədəd smart kart tipli sayğac quraşdırılıb. Şəhərdaxili şəbəkənin hazır olan hissəsinə yeni mənbədən içməli suyun verilməsinə başlanıb.
Hazırda ümumi uzunluğu 203 km olan kanalizasiya şəbəkəsinin və kanalizasiya kollektorunun tikintisi davam etdirilir. Tullantı suları şəhərin kənarında inşa edilən çirkab su təmizləyici qurğuya ötürüləcək.
2035-ci ilə qədər Şəmkir şəhərinin inkişaf perspektivləri nəzərə alınmaqla bu layihə 47 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.