SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Neftqaztikinti” Tresti “Neft Daşları” yatağında yeni 620A saylı stasionar dəniz özülü inşa edəcək. Bu barədə SOCAR-ın saytında məlumat verilir.
Layihə “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən hazırlanıb. Tikinti işlərinin baş podratçısı qismində “Neftqaztikinti” Tresti seçilib. 8 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül dənizin 27 metr dərinliyində yerləşdiriləcək.
Layihəyə əsasən, yeddi dayaq bloklu özül istehsalat və yaşayış sahələrindən ibarət olacaq ki, bu sahələr hər birinin uzunluğu 33 metr olan iki piyada körpüsü ilə əlaqələndiriləcək.
Özül ən müasir qazma avadanlığı, vertolyot meydançası, çirkab və məişət sularının yığılması üçün xüsusi çənlər, 6 yanalma meydançası, 4 minik meydançası, yükqaldırma qabiliyyəti 12,5 ton olan kran, “ASTRA-20” tipli bioloji sutəmizləmə qurğusu və digər zəruri avadanlıqlarla təchiz ediləcək.
Bundan başqa, elektrik enerjisi ilə təchizatının etibarlılığını təmin etmək məqsədilə özüldə üç ədəd dizel elektrik aqreqatı, 42 nəfərlik tanker tipli xilasetmə qayığı və hər biri 10 nəfərlik 4 xilasedici sal quraşdırılacaq.
Meydançanın tikintisinin başlanması və başa çatması müddəti barədə məlumat verilmir.
Daha əvvəl SOCAR-ın prezidenti Rövnəq Abdullayevə istinadən məlumat verilib ki, yaxın 2-3 il ərzində “Neft Daşları” yatağında 106 yeni quyunun qazılması planlaşdırılır.
Bununla əlaqədar şirkət yataqda yeni platforma və dəniz özüllərinin inşası proqramını reallaşdırır.
“Neft Daşları” yatağı 1949-cu ildən işlənilir. Yatağın geoloji ehtiyatları 365 mln. ton həcmində qiymətləndirilir ki, bunun da 182 mln. tondan çoxu çıxarıla bilən ehtiyatlardır.