Oktyabrda keçiriləcək prezident seçkilərində seçicilərin əksəriyyəti hazırkı dövlət başçısı İlham Əliyevin namizədliyini dəstəkləməyə hazır olduğunu bildirir. “Rəy” Monitorinq Mərkəzinin keçirdiyi sosioloji sorğunun nəticələri bunu göstərir.
“Prezident seçkilərində tanınmış şəxslərdən kimə səs verərdiniz?” sualına rəyi soruşulanların 81,2%-i hakim Yeni Azərbaycan Partiyasının namizədi, fəaliyyətdə olan prezident İlham Əliyevin adını çəkib. Müxalifətdən olan namizədlər – “Müsavat” partiyasının başqanı İsa Qəmbər və Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyov müvafiq olaraq 2%-dən az və 1%-ə yaxın səs toplayıblar.
Sorğuya əsasən, seçicilərin kinodramaturq R.İbrahimbəyovu vahid namizəd kimi irəli sürən müxalifət birliyindən az xəbəri var.
Belə ki, respondentlərin 11,7%-i tam əminliklə müxalifət düşərgəsində “Milli Şuranın mövcudluğundan xəbərim var” deyə bildirib, daha 17,2% isə “bu barədə nəsə eşitmişəm” deyib (bu, sorğu iştirakçılarının cəmi 30%-ə yaxınını təşkil edir ki, onların da dörddə üçü Bakı sakinləridir). Bu zaman rəyi soruşulanların 74,2%-i onları yoxlamaq üçün verilmiş filtr-sualı cavablandırarkən dolaşıb qalıb və Milli Şura üzvlərindən heç olmasa üçünün belə adını çəkə bilməyib.
Rüstəm İbrahimbəyovun “müxalifətin vahid namizədi” kimi irəli sürülməsindən isə seçicilərin 86,1%-i xəbərsizdir. Üstəlik rəyi soruşulanların 91,1%-i bilmir ki, müxalifətin planına görə seçkidə qələbə qazanacağı təqdirdə “vahid namizəd” prezident kürsüsündə iki ildən artıq oturmayacaq (bu dövr ərzində növbədənkənar parlament seçkilərinin keçirilməsi, keçid hökumətinin yaradılması və növbədənkənar prezident seçkilərinin təşkili nəzərdə tutulur). Başqa sözlə desək, əhalinin mütləq əksəriyyəti Milli Şuranın yaradılması və R. İbrahimbəyovun müxalifətin “vahid namizədi” kimi irəli sürülməsi də daxil olmaqla bütün bu çoxgedişli kombinasiyalardan xəbərsizdir.
“Prezidentliyə namizədin irəli sürülməsi sizdən asılı olsaydı, kimin namizədliyini təklif edərdiniz?” sualını cavablandırarkən respondentlərin yalnız 1%-i R.İbrahimbəyovun adını çəkib (Bakıda bu rəqəm 1,5% olubsa, ölkənin qalan ərazisi üzrə cəmi 0,8% təşkil edib).
Yeri gəlmişkən, bundan təxminən üç dəfə artıq sayda insan qeyd edib ki, prezidentliyə “Müsavat” partiyasının başqanı İsa Qəmbərin və 1,6% AXCP-nin sədri Əli Kərimlinin namizədliyini irəli sürərdi.
“Rəy” Monitorinq Mərkəzinin təqdim etdiyi hesabat 2013-cü il iyulun 22-28-də keçirilmiş ümumrespublika ictimai rəy sorğusunun materialları əsasında hazırlanıb. Sorğuya 18 və yuxarı yaşlı 1500 nəfər cəlb edilib. Tədqiqatın nisbi xətası 3% təşkil edir.
Prezidentliyə namizədlərin son siyahısı sentyabrda məlum olacaq. Bu dövrdə Mərkəzi Seçki Komissiyası namizədlərin qeydiyyatını başa çatdıracaq.