Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) avqustun 3-də respublikanın 11 şəhərində II ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə TQDK-dən məlumat verilib.
Qeyd olunan qrupa 23 052 ərizə təqdim edilib. Ərizə verənlərin 20 544 nəfəri Azərbaycan bölməsinin, 2508 nəfəri isə rus bölməsinin məzunudur.
Abituriyentlərin ümumi sayından 14265 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur.
Bütün qruplar üzrə ixtisas seçimi avqustun 6-dan 15-dək keçiriləcək.