2013-cü ilin payızında Bakıda Azərbaycan-Amerika biznes forumu keçiriləcək. Bu barədə cümə günü jurnalistlərə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) prezidenti Rüfət Məmmədov məlumat verib.
“ABŞ-da biznesin təşviqi ilə məşğul olan kifayət qədər sayda şirkətlər var. Bu təşkilatlardan biri ilə əməkdaşlıqda biz Bakıda biznes forum keçirməyi planlaşdırırıq”, - deyə R.Məmmədov bildirib.
Onun sözlərinə görə, Azərbaycan amerikalı iş adamları ilə ilk növbədə böyük investisiya potensialına malik olan sahələrdə əməkdaşlıqda maraqlıdır.
“Bu, kənd təsərrüfatı, qida və yüngül sənaye, bərpa olunan elektik enerjisi mənbələri, turizm və digər sahələrdir və ümumilikdə iqtisadiyyatın təxminən 12 sahəsini əhatə edir. Bundan başqa, biz bu tədbirin keçirilməsini Azərbaycan mallarının, əsasən də qeyri-neft sektoru məhsullarının ABŞ-a ixracı nöqteyi-nəzərindən planlaşdırırıq”, - deyə o vurğulayıb.
“Azpromo” İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqustunda fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.