2013-cü il iyulun 1-nə Azərbaycanda hüquqi şəxslər üçün milli valyutada bank kreditləri üzrə orta faiz dərəcəsi 2012-ci il iyulun 1-nə olan 14%-ə qarşı 11,6% təşkil edir. Bu barədə cümə günü jurnalistlərə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədr müavini Xaqani Abdullayev məlumat verib.
“AMB Azərbaycanda və region ölkələrində bank kreditlərinin faiz dərəcələri üzrə araşdırma aparır. Məsələn, 2013-cü il iyulun 1-nə hüquqi şəxslər üçün milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 2012-ci il iyulun 1-nə olan 14%-ə qarşı 11,6% təşkil edir”, - deyə X.Abdullayev bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda biznes kreditləri üzrə orta faiz dərəcəsi 15% təşkil edir, bu isə “normal göstəricidir və regionun digər ölkələrində orta dərəcəyə uyğundur”.
X.Abdullayev vurğulayıb ki, istehlak kreditləri üzrə dərəcələr bir qədər yüksəkdir. Məsələn, avtomobil kreditləşməsi üzrə dərəcələr orta hesabla 20% təşkil edir. “İstehlak kreditləri üzrə dərəcələrin azaldılması bankların özündən və bazarın bu seqmentində vəziyyətdən asılıdır”, - deyə o əlavə edib.
AMB-nin İdarə Heyətinin sədr müavini qeyd edib ki, 2013-cü il avqustun 1-dən etibarən Azərbaycanda banklar tərəfindən əhalidən cəlb olunan və qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yüksək həddinin 12%-dən 10%-dək endirilməsi də kreditlər üzrə bank dərəcələrinin azalmasına müsbət təsir göstərəcək.
Bununla yanaşı, o hesab edir ki, qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yüksək həddinin 10%-dək endirilməsi banklarda əhalinin əmanətlərinin həcminin azalmasına səbəb olmayacaq. “Təhlil göstərir ki, banklar əhalidən əmanətləri əsasən illik 8-9% dərəcəsi ilə cəlb edir”, – deyə X.Abdullayev əlavə edib.