Azərbaycan azad və demokratik prezident seçkilərinin keçirilməsində maraqlıdır. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov cümə günü dairə seçki komissiyaları sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda bəyan edib.
“Biz azad, demokratik seçkilərin keçirilməsi üçün kifayət qədər bilik və təcrübəyə malikik. Və bunu bir daha bütün dünyaya nümayiş etdirməyə hazırıq”, - deyə M.Pənahov kursların dinləyicilərinə sertifikatların təqdim olunması mərasimindən əvvəl bildirib.
Onun sözlərinə görə, gələn həftə məntəqə seçki komissiyalarının rəhbərləri üçün yerlərdə analoji kurslar təşkil olunacaq.
“Hesab edirəm ki, dairə seçki komissiyalarının sədrləri bu kursların təşkili, ədalətli və demokratik seçkilərin keçirilməsini təmin etmək üçün kifayət qədər biliyə, eləcə də beynəlxalq təcrübəyə əsaslanan biliklərə malikdirlər”, - deyə M.Pənahov vurğulayıb.
“Növbəti prezident seçkilərinə az qalıb. Bu gün biz MSK-nın iclasında seçkilərlə bağlı məlumatı rəsmi qaydada elan edəcəyik. Siz də öz tərəfinizdən prezident seçkilərinin açıq, demokratik və yüksək səviyyədə keçirilməsi üçün əlinizdən gələni etməlisiniz. Bu prosesləri başlamış hesab edə bilərik”, - deyə MSK sədri bəyan edib.
Sonra M.Pənahov dairə seçki komissiyalarının sədrlərinə sertifikatlar təqdim edib.