Azərbaycan Mərkəzi Bankı (AMB) 2014-cü ilə qədər ipoteka kreditləşməsinin təkmilləşdirilməsinə dair təkliflər paketi hazırlamağı planlaşdırır. Bu barədə cümə günü jurnalistlərə AMB-nin İdarə Heyətinin sədr müavini Xaqani Abdullayev bildirib.
“Hazırda AMB ipotekanın inkişafının müxtəlif modellərini öyrənir. Bu məsələyə dair təkliflərimiz 2013-cü ilin sonuna kimi hazırlanacaq”, - deyə X.Abdullayev qeyd edib.
Xəbər verildiyi kimi, hazırda AMB “İpoteka kreditləşməsinin inkişafı Dövlət Proqramı” layihəsini hazırlayır. Proqramın əsas istiqamətləri ipoteka kreditləşməsi sisteminin genişləndirilməsi, paralel ipotekanın inkişafı, “Mənzil-əmanət bankları haqqında” qanunun qəbul edilməsidir. AMB həmçinin ipoteka kreditləşməsinin şərtlərinin yüngülləşdirilməsini məqsədəuyğun sayır.
AİF 2005-ci ilin dekabrında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən 27 agent bank vasitəsilə kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 35 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil.
2012-ci ildə AİF-in vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 74,77 mln. manat təşkil edib.