Azərbaycanda növbəti prezident seçkiləri oktyabrın 9-da keçiriləcək. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün MSK-nın iclasında məlumat verib.
Onun sözlərinə görə, prezident seçkilərinin tarixinin müəyyən olunması barədə qərar Azərbaycan Konstitusiyasının 100 və 102-ci maddələri, həmçinin Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4, 177, 178.2 və 178.3-cü maddələri əsasında qəbul edilib.
MSK sədri xatırladıb ki, Seçki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, prezidentin Konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddətinin başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur. Lakin bu il seçkilərin keçirilməsinin nəzərdə tutulduğu 16 oktyabr tarixi Qurban bayramına təsadüf etdiyindən, yəni iş günü olmadığından səsvermənin tarixinin dəyişdirilməsi barədə qərar qəbul edilib.
“MSK qərara alıb ki, 9 oktyabr 2013-cü il prezidentin seçkiləri günü elan edilsin”, - deyə M.Pənahov qeyd edib.
İclasda seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlər Təqvim Planı da təsdiq edilib, vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupunun formalaşdırılması, o cümlədən oktyabrın 9-a təyin olunan prezident seçkilərində MSK-nın nəzdində İşçi Qrupunun yaradılması və rəhbərinin təyin olunması ilə bağlı qərar qəbul edilib.