Naxçıvan Muxtar Respublikasında (MR) “Ağbulaq” istirahət mərkəzində gənclər üçün Yay Universiteti təşkil olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna MR-in Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Yay Universitetindəki məşğələlərə MR-in ali və orta ixtisas məktəblərində təhsil alan 75 tələbə, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən gənclər cəlb ediliblər”, - deyə məlumatda bildirilir.
Universitetin təşkil edilməsində məqsəd gənclərin asudə vaxtının səmərəli təşkili, eləcə də onların ictimai və sosial fəallığının artırılmasıdır. Universitet çərçivəsində “Heydər Əliyev və Azərbaycan gəncliyi”, “Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası”, “Gənclik və milli dəyərlərimiz”, “Azərbaycan həqiqətləri: Dağlıq Qarabağ münaqişəsi beynəlxalq müstəvidə” mövzularında mühazirələr dinləniləcək. Universitet iştirakçıları 8 gün ərzində bugünkü gəncləri narahat edən mövzulara dair müxtəlif diskussiyalar aparacaqlar. Proqrama əsasən, əyləncəli tədbirlər, intellektual oyunlar, konsert proqramları da təşkil olunacaq.
Yay Universiteti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Gənclər Fondunun, NMR Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən təşkil olunub.