Azərbaycan Prezidenti yanında Təhsil üzrə Komissiya 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş daha 29 nəfərin namizədliyini təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Həmin tələbələr təhsilini Böyük Britaniya (19 nəfər), ABŞ (4 nəfər), Kanada (1 nəfər), İsveçrə (1 nəfər), Almaniya (1 nəfər), İspaniya (1 nəfər), Litva (1 nəfər) və Niderlandda (1 nəfər) bakalavriat (9 nəfər), magistratura (19 nəfər) və doktorantura (1 nəfər) səviyyələrində iqtisadiyyat, mühasibat uçotu, maliyyə, kompüter elmləri, sənaye mühəndisliyi, turizm, biznesin idarəedilməsi, dövlət idarəçiliyi və siyasət kimi ixtisaslar üzrə davam etdirəcəklər.
2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq üçün sənəd qəbulu 15 avqust 2013-cü il tarixinə kimi davam edəcək.
Bu dövr ərzində Təhsil Nazirliyi hər bir namizədlə müsahibə keçirəcək.