Vaşinqton ATƏT-in Minsk Qrupuna yeni həmsədr təyin edildiyini bəyan edib.
“Mən səfir Ceyms Uorlikin ATƏT-in Minsk Qrupuna yeni həmsədr təyin edilməsini elan etməyə çox şadam”,- deyə ABŞ-ın dövlət katibi Con Kerrinin Dövlət Departamentinin saytında yerləşdirilmiş bəyanatında bildirilir.
“Səfir Uorlik Avropa və Avrasiyada bu vəzifədə böyük iş təcrübəsinə malikdir. O, bundan əvvəl ABŞ prezidentinin Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsinin müavini vəzifəsində çalışıb və ABŞ-la Əfqanıstan arasında təhlükəsizlik razılaşması üzrə əsas müzakirəçilərdən biri olub”, - deyə dövlət katibi vurğulayıb.
O bildirib ki, Uorlik 2005-2006-cı illərdə Avropada təhlükəsizlik və siyasi məsələlər ofisinin direktoru, 2006-2009-cu illərdə Beynəlxalq təşkilatlarla iş üzrə Büroda dövlət katibinin köməkçisinin əsas müavini, 2009-2012-ci illərdə ABŞ-ın Bolqarıstanda səfiri vəzifələrində çalışıb.
“C.Uorlik birinci dərəcəli diplomatdır və mən əminəm ki, o, bu vacib vəzifənin öhdəsindən məharətlə gələcək. ABŞ Dağlıq Qarabağ münaqişəsinin davamlı və dinc yolla həllinə nail olmaq üçün tərəflərə yardım göstərilməsinə tam sadiqdir", - deyə bəyanatda bildirilir.
C.Kerri qeyd edib ki, iyunun 18-də “prezidentlər Obama, Putin və Olland verdikləri birgə bəyanatda tərəfləri həll edilməmiş qalan məslələrə diqqət yetirməyə çağıraraq, liderlərin öz xalqlarını müharibəyə deyil, sülhə hazırlamalı olduqlarını qeyd ediblər”.
Dövlət katibinin sözlərinə görə, səfir C.Uorlik münaqişə tərəflərinə bu məqsədə çatmaqda kömək etmək üçün zəruri olan müdrikliyi, obyektivliyi və təcrübəsi ilə fərqlənir.
“Biz Azərbaycan və Ermənistan hökumətlərini, eləcə də ATƏT-i səfir Uorlikin həmsədr təyin edilməsi barədə məlumatlandırmışıq”, - deyə C.Kerri əlavə edib.
O, həmçinin əlavə edib ki, C.Uorlik vəzifəsinin icrasına sentyabrda başlayacaq.