Almaniya Federativ Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Haydrun Tempel çərşənbə axşamı etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Dövlət başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Azərbaycanla Almaniyanın uzun illər fəal əməkdaşlıq etdiyini bildirən İ.Əliyev bu əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə genişləndirilməsi üçün qarşılıqlı marağın olduğunu qeyd edib. İkitərəfli münasibətlərimizin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu deyən dövlət başçısı H.Tempelin bu münasibətlərin daha da möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Ramazan bayramı münasibətilə dövlət başçısını təbrik edən H.Tempel İ.Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırıb.
O, ölkəmizdəki diplomatik fəaliyyəti müddətində Almaniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin bütün istiqamətlərdə daha da genişləndirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini deyib.
Görüşdə Avropa İttifaqı, Cənub dəhlizi, qeyri-neft sektoru, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.