“Azərsu” SC Şirvan-Muğan qrup su kəmərinin inşasını avqust ayının sonuna qədər başa çatdıracaq. Bu barədə SC-nin məlumatında deyilir.
Şirvan-Muğan qrup su kəmərinin tikintisinə 2012-ci il iyulun 16-da başlanılıb. Tikinti işləri başlanandan indiyə qədər ümumi uzunluğu 107 km olan magistral kəmərin 100 km-lik hissəsində işlər tam başa çatıb. Kəmərin 55 km hissəsi 1200 və 1000 mm diametrli metal, 52 km-lik hissəsi isə 710 mm diametrli polietilen borularla çəkilir”, - deyə məlumatda bildirilir.
Magistral kəmərin istismara verilməsi ilə Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin 121 kəndin 470 min nəfər sakini keyfiyyətli və fasiləsiz içməli su ilə təmin olunacaq.
“Artıq magistral su kəmərinin bir hissəsinin istismara verilməsi ilə Hacıqabul və Şirvan şəhərlərinə içməli suyun verilməsinə başlanıb. Yeni mənbədən içməli suyun verilməsi ilə Hacıqabulda 8 min nəfərin, Şirvan şəhərində isə 15 min nəfərin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşıb. Hazırda Hacıqabul və Biləsuvar şəhərlərində su təchizatı şəbəkələrinin yenidən qurulması işləri davam etdirilir. Yaxın gələcəkdə Şirvan, Salyan və Neftçala şəhərlərində də su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılacaq”, - deyə məlumatda qeyd edilir.