2013-cü ilin I yarısında Azərbaycanda fəaliyyət göstərən bankların Bakıda müştərilərin kreditləşdirilməsi üzrə portfeli 7,5% - 12 mlrd. 229 mln. 407,9 min manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
2013-cü il iyulun 1-nə Bakıda borcalanlara verilmiş kreditlərin həcmi bankların respublika üzrə bütün kredit qoyuluşlarının 88,8%-ni təşkil edir.
Cari ilin iyul ayının əvvəlinə Bakıda borcalanların müddəti ötmüş kreditlərinin həcmi 710 mln. 176,1 min manat və ya paytaxtda verilmiş bütün kreditlərin 5,8%-ni təşkil edib.
Ümumilikdə Bakıda banklar tərəfindən kreditlər illik orta hesabla 13,7%, respublika üzrə isə 14,3% dərəcəsi ilə verilir.
2013-cü il iyulun 1-nə Bakıda milli valyuta ilə verilmiş kreditlərin həcmi 8 mlrd. 594 mln. 513,9 min manat, xarici valyuta ilə verilmiş kreditlərin həcmi 3 mlrd. 634 mln. 894 min manat təşkil edir. Bununla yanaşı, milli valyuta ilə verilən kreditlər üzrə dərəcə orta hesabla 13,6%-ə, xarici valyuta ilə 13,8%-ə bərabərdir.
2013-cü il iyulun əvvəlinə Bakıda borcalanlara banklar tərəfindən ümumi məbləği 2 mlrd. 884 mln. 626,5 min manat olan qısamüddətli (I yarımillikdə azalma 4,9% - İF-Az), 9 mlrd. 344 mln. 781,4 min manat məbləğində uzunmüddətli (artım 12,1%) kreditlər verilib. Milli valyuta ilə uzunmüddətli kreditlər 12,9%, xarici valyuta ilə 13,6% dərəcəsi ilə verilir.
2013-cü il iyulun 1-nə regionlarda bankların kreditləşmə üzrə portfeli 1 mlrd. 544 mln. 671 min manat (2013-cü ilin I yarısında azalma 2,5% - İF-Az) təşkil edir.
Kommersiya bankları aşağıdakı regionlarda hüquqi və fiziki şəxslərin kreditləşdirilməsinə üstünlük verir: Abşeron iqtisadi rayonunda 344 mln. 98 min manat (illik orta dərəcə 18,8%), Aran iqtisadi rayonunda 539 mln. 155,5 min manat (19,6%), Gəncə-Qazax iqtisadi rayonunda 203 mln. 716,4 min manat (21,1%), Lənkəran iqtisadi rayonunda 156 mln. 886,3 min manat (23,2%) həcmində kredit verilib.
Kreditləşdirmənin qalan həcmi respublikanın digər iqtisadi rayonlarının payına düşür.