2013-cü ilin sonunadək “Azərkosmos” ASC üçün universal stansiyanın tikintisinə başlanılacaq. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytında dərc edilmiş məlumatda deyilir.
Universal yerüstü stansiyanın qurulmasının əsas məqsədi müxtəlif peyklərdən real vaxt rejimində alınan yüksək ayırdetməli məlumatların qəbulu üçün yerüstü infrastrukturun yaradılmasıdır.
“Bu cür məlumatların əldə edilməsi və universal yerüstü stansiyanın imkanlarından istifadə edilməsi gələcəkdə bir sıra mühüm məqsədlərə nail olunmasına imkan yaradacaq. Bu məqsədlərə dövlət sərhədlərinin monitorinqinin həyata keçirilməsi; ətraf mühitin, havanın, dəniz sularının çirklənməsinin və neft sızmalarının aşkar edilməsi, neft və qaz sənayesi tullantılarının monitorinqi; meteorologiya və iqlim dəyişikliyinin proqnozu; ekologiya və təbii sərvətlərin tədqiqatı; kartoqrafiya və şəhərsalma işləri üçün müvafiq məlumatların əldə edilməsi; fəlakətlər və fövqəladə halların aradan qaldırılmasına dəstək; kənd təsərrüfatının dəstəklənməsi və s. daxildir”, - deyə məlumatda qeyd edilir.
“Azərkosmos” ASC 2010-cu ildə orbitə telekommunikasiya peykinin çıxarılması üçün yaradılıb. Nizamnamə kapitalı 40 mln. manatdır. Müəssisənin bütün səhmləri dövlətin mülkiyyətindədir. ASC-nin funksiyalarına Azərbaycan peykinin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik operatorlarla (peyklərlə) əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.