2013-cü ilin I yarısında “BP-Azerbaijan” şirkəti “Şahdəniz” yatağından 4,8 mlrd. kubmetr qaz hasil edib ki, bu da 2012-ci ilin analoji dövrünün göstəricisindən 42,8% çoxdur. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə şirkətdən məlumat verilib.
“Hesabat dövründə “Şahdəniz” yatağından 1,26 mln. ton kondensat hasil edilib. Yanvar-iyun aylarında hasilatın orta sutkalıq həcmi 27 mln. kubmetr qaz və 54,8 min barrel kondensat təşkil edib”, - deyə şirkətdən qeyd edilib.
2006-cı ildən 2013-cü il iyunun 30-na qədər istismar dövrü ərzində yataqdan 42,7 mlrd. kubmetr qaz və 11,3 mln. ton kondensat hasil edilib.
Şirkətin məlumatına görə, cari ilin birinci yarısında “Şahdəniz” layihəsi üzrə xərclərin ümumi həcmi $949 mln. təşkil edib (artım 51,5%), bunun $94 mln.-nu istismar, $855 mln.-nu əsaslı xərclər təşkil edib.
2013-cü ildə layihə çərçivəsində xərclər üzrə düzəliş edilmiş proqnoz $2 mlrd. 539 mln. (ilkin proqnoz $2 mrd. 992 mln.) təşkil edir. Bununla yanaşı, istismar xərcləri üzrə proqnoz $225 mln.-a, əsaslı xərclər üzrə $2 mlrd. 314 mln.-a bərabərdir.
“BP-Azerbaijan” şirkətinin məlumatına görə, hazırda “Şahdəniz” yatağında hasilat sisteminin maksimum gücü sutkada 966 mln. kubfut qaz (27,35 mln. kubmetr – İF) və 55 min barel kondensat təşkil edir.
Bundan başqa, 2013-cü ilin I yarısında Cənubi Qafqaz Boru Kəməri magistralı (CQBK və ya Bakı-Tbilisi-Ərzurum – İF) ilə sutkada orta hesabla 12 mln. kubmetr qaz nəql olunub.
Birinci yarımillikdə CQBK-ya xərclər $5 mln. təşkil edib, 2013-cü ildə isə $13 mln. məbləğində planlaşdırılır.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları: “bp” (operator – 25,5%), “Statoil” (25,5%), SOCAR (10%), “LUKoil” (10%), “NICO” (10%), “Total” (10%) və “TPAO” (9%) şirkətləridir.
Yatağın işlənməsi üzrə “Mərhələ-1” 178 mlrd. kubmetr qazın və 34 mln. ton kondensatın hasilatını nəzərdə tutur. “Mərhələ-1”-in dəyəri $4,1 mlrd. təşkil edir.
“Mərhələ-1” çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan arasında qaz satışına dair sazişlər imzalanıb. Azərbaycan qazının Türkiyəyə ixracı üçün 690 km uzunluğunda (442 km Azərbaycan, 248 km Gürcüstan ərazisində) Cənubi Qafqaz qaz kəməri inşa edilib.