2013-cü ilin I yarısında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ – “Azəri-Çıraq-Günəşli” blokunun işlənməsi üzrə operator) SOCAR-a (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) AÇG blokundan 1,21 mlrd. kubmetr səmt qazı verib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 42,2% azdır. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə şirkətin mətbuat xidmətindən məlumat verilib.
"Biz I yarımillikdə SOCAR-a sutkada təxminən 6,7 mln. kubmetr səmt qazı tədarük etmişik. Ümumilikdə cari ildə ARDNŞ-ə AÇG blokundan 1,24 mlrd. kubmetr qaz verilməsi planlaşdırılır", - deyə ABƏŞ-dən bildirilib.
Xəbər verildiyi kimi, 2012-ci ildə ABƏŞ SOCAR-a AÇG blokundan 3,4 mlrd. kubmetr səmt qazı verib.
AÇG-dən hasil olunan səmt qazı SOCAR-a pulsuz verilir.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin il dekabrın 12-də qüvvəyə minib.
Layihənin iştirakçıları Britaniyanın “bp” (35,78%), Amerikanın “Chevron” (11,27%), “ExxonMobil” (8,0006%), Hindistanın “ONGC Videsh Limited” (2,72%), Yaponiyanın “Inpex” (10,96%), “Itochu” (4,3%), Azərbaycanın SOCAR (11,65%), Norveçin “Statoil” (8,56%), Türkiyənin TPAO (6,75%) şirkətləridir.