2013-cü ilin yanvar-iyul aylarında Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri ilə nəql olunan Azərbaycan neftinin həcmi 17 mln. 739,955 min ton təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 0,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) məlumat verilib.
“İyulda BTC neft kəməri ilə 2 mln. 559,379 min ton Azərbaycan nefti, ümumilikdə kəmərin istismara verildiyi vaxtdan (4 iyun 2006-cı il – İF) 2013-cü ilin avqust ayının 1-nə qədər 223 mln. 191,769 min ton neft nəql olunub”, - deyə SOCAR-dan məlumat verilib.
Ötən ay BTC neft kəməri ilə 251,713 min ton Türkmənistan nefti nəql olunub.
SOCAR-ın məlumatına görə, yanvar-iyul aylarında Ceyhan neft terminalından 17 mln. 452,251 min ton, yalnız iyulda bu həcmdən 2 mln. 448,233 min ton, ümumilikdə isə BTC-nin istismara verildiyi vaxtdan 221 mln. 119,205 min ton Azərbaycan nefti yola salınıb.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 mln. tondan çoxdur.
Layihənin iştirakçıları “bp” (30.1%); SOCAR (25.00%); “Chevron” (8.90%); “Statoil” (8.71%); TPAO (6.53%); ENI (5.00%); “Itochu” (3.40%); “ConocoPhillips” (2.50%); INPEX (2.50%), “Total” (5.00%) və “ONGC Videsh Limited” (2.36%) şirkətləridir.