Çərşənbə günü prezident İlham Əliyev Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir və ən səmimi arzularımı çatdırıram”, - deyə prezidentin təbrikində bildirilir.
İ.Əliyevin sözlərinə görə, tarixən islam dünyasının mədəni mərkəzlərindən biri kimi tanınmış Azərbaycanda dini və milli-mənəvi dəyərlərə hörmət həmişə qorunub saxlanılıb.
“Respublikamızda vicdan və dini etiqad azadlığı, dövlət-din münasibətləri ölkə qanunvericiliyinə və beynəlxalq standartlara uyğun olaraq təmin edilib, müstəqillik illərində milli-mənəvi dəyərlərimizin təbliği və təşviqi sahəsində kompleks tədbirlər həyata keçirilib”, - deyə dövlət başçısı vurğulayıb.
Onun sözlərinə görə, islam mədəniyyətinin nadir incilərindən olan tarixi-dini abidələrin əsaslı şəkildə yenidən qurulması sahəsində işlər Azərbaycanda davamlı xarakter alıb.
“Bu il Cənubi Qafqazın ilk müsəlman məbədi – Şamaxı Cümə məscidi bərpa edilərək dindarların istifadəsinə verilib”, - deyə İ.Əliyev qeyd edib.
“Cəmiyyətimizdə humanizmin, qardaşlıq və həmrəylik duyğularının təntənəsinə çevrilən Ramazan ayını hər il olduğu kimi, bu il də böyük qürur və məmnunluq hissi ilə yola salırıq. Bu əziz bayram günlərində bir daha bütün xeyirxah dua və diləklərinizlə həmrəy olduğumu bildirir, ailələrinizə firavanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram”, - deyə prezident İ.Əliyevin Azərbaycan xalqına ünvanladığı təbrikdə qeyd olunur.