2013-cü ilin iyul ayında Vergilər Nazirliyi 5,068 min vergi ödəyicisinin fəaliyyətində qanunvericiliyin pozulması faktları aşkar edib. Bu barədə nazirlikdən məlumat verilib.
Məlumata görə, 2 784 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 773 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 182 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 669 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb edilən fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib.
Operativ nəzarət tədbirləri zamanı vergi ödəyiciləri tərəfindən 834 nəfər əməkdaşla əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 238 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 40 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış mal olduğu aşkarlanıb.