Çərşənbə axşamı Rusiya Federasiyasının prezidenti Vladimir Putin Bakıya işgüzar səfəri çərçivəsində prezident İlham Əliyevlə ikitərəfli münasibətlərin bütün spektrini müzakirə edəcək.
"Prezidentin səfəri proqramında İ.Əliyevlə təkbətək və geniş tərkibdə danışıqların aparılması, həmçinin energetika və nəqliyyat sahələrində 5-6 ikitərəfli sazişin imzalanması nəzərdə tutulub", - deyə RF prezidentinin köməkçisi Yuri Uşakov Moskvada keçirdiyi brifinqdə bildirib.
O əlavə edib ki, imzalanması planlaşdırılan sənədlərə Rusiya və Azərbaycanın Fövqəladə Hallar nazirlikləri arasında kompleks əməkdaşlıq planı da daxildir.
"Danışıqların gedişində prezidentlər gündəmdə olan əsas beynəlxalq və regional məsələlərə, Xəzər dənizinin hüquqi rejimi, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərinə toxunacaqlar", - deyə Y.Uşakov qeyd edib.
Onun sözlərinə görə, sammitin keçirildiyi dövrdə Xəzər donanmasının gəmiləri - "Dağıstan" raket gəmisi və "Volqodonsk" kiçik artilleriya gəmisi dostluq səfəri ilə Bakıda olacaq. V.Putin onlardan birinin bortuna qalxacağı istisna edilmir.
Y.Uşakov söyləyib ki, Azərbaycanın hərbi gəmiləri də cavab səfəri edəcəklər. "Səfərin vaxtı hələ razılaşdırılmasa da, olacaq, yəni mübadilə səfərləri baş tutacaq. Bu, ikitərəfli münasibətlərin məhsuldar xarakteri daşıdığını xüsusi olaraq nəzərə çarpdırır", - deyə prezidentin köməkçisi əlavə edib.
Azərbaycan ənənəvi olaraq MDB ölkələri arasında Rusiyanın ən vacib tərəfdaşlarından biridir. "Rusiya-Azərbaycan əməkdaşlığı intensiv siyasi dialoq, fəal ticarət, regionlararası və mədəni əlaqələrlə xarakterizə olunur", - deyə Y.Uşakov vurğulayıb.
Səfər zamanı RF prezidentini xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, energetika naziri Aleksandr Novak, iqtisadi inkişaf naziri Aleksey Ulyukaev, fövqəladə hallar naziri Vladimir Puçkov, nəqliyyat naziri Maksim Sokolov müşayiət edəcəklər.
Bundan başqa, Rusiya nümayəndə heyətinə “Rosoboroneksport”un baş direktoru Anatoli İsaykin, “Rosneft”in rəhbəri İqor Seçin, “Lukoyl”un prezidenti Vaqif Ələkbərov daxil olacaqlar.
"Bu tərkib göstərir ki, danışıqların gedişində ikitərəfli məsələlərin bütün kompleksinin müzakirəsi planlaşdırılır", - deyə prezident köməkçisi qeyd edib.
Rusiya və Azərbaycanın ikitərəfli mal dövriyyəsi sabit artım tendensiyaya malikdir. 2012-ci ilin yekunları üzrə artım 10,8% - 3,4 mlrd. dollara qədər, cari ilin yanvar-may aylarında 50% olub.
Rusiya Azərbaycanın aparıcı xarici iqtisadi tərəfdaşlarından biridir. Rusiya ixracının təxminən 90%-ni dərin emal məhsulları təşkil edir. 2012-ci ilin yekunları üzrə maşın və avadanlıq ixracı 29,2%, ərzaq malları - 2-7%, metal və ondan hazırlanan məmulatlar - 12,6% səviyyəsində olub. Azərbaycandan idxalın strukturunda ərzaq malları (62,6%) və mineral xammal (12,8%) üstünlük təşkil edir.
Energetika sahəsində əməkdaşlıq yüksələn xətlə inkişaf edir. 2012-ci ildə Azərbaycandan Rusiyaya 1,55 mlrd. kubmetr qaz tədarük edilib, cari ilin yanvar-iyun aylarında bu həcm 0,88 mlrd. kubmetr təşkil edib.
Azərbaycanda 500-dən artıq Rusiya şirkəti təmsil olunub. “LUKOYL” şirkəti "Şahdəniz" yatağında kəşfiyyat və qaz hasilatı prosesində iştirak edir, yanacaqdoldurma məntəqələri şəbəkəsinə və yanacaq anbarına malikdir, "AzRosPromİnvest" bentonit gilinin çıxarılması ilə məşğul olur. Maliyyə sahəsində "Azərbaycan Dəmir Yolları" şirkətinin investisiya proqramını kreditləşdirən “VTB” bank, eləcə də “Rosselxozbank” fəaliyyət göstərir.
"Təhsil sahəsində əməkdaşlıq yaxşı templərlə inkişaf edir. 2012/2013-cü tədris ilində Azərbaycan Təhsil Nazirliyinə ayrılan dövlət təqaüdü hesabına Rusiya ali məktəblərində 251 nəfər təhsil alır. Daha 45 azərbaycanlı tələbə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı əsasında hazırlıq keçir", - deyə Y.Uşakov söyləyib.
Onun sözlərinə görə, danışıqlar zamanı prezidentlər həmçinin 31 oktyabr-1 noyabr tarixlərində keçiriləcək III Bakı Beynəlxalq Humanitar Forumuna hazırlıq məsələlərini müzakirə edəcəklər.