Azərbaycan Diplomatik Akademiyası (ADA) İxtisasartırma Proqramları (ADA Executive Programme) çərçivəsində ABŞ-ın Texas ştatının nüfuzlu universitetlərinin nümayəndələri üçün “Azərbaycanşünaslıq” adlı təlim proqramına başlayıb. Bu barədə ADA Kommunikasiyalar Departamenti məlumat verir.
Kurslar Dövlət Neft Şirkəti və AFAZ-ın (Assembly of the Friends of Azerbaijan) maliyyə dəstəyi ilə təşkil edilib. Proqramda Texas Universiteti (Austin, Dallas), Texas Neft və Qaz Assosiasiyası, Hyuston Universiteti, C.T.Bauer Biznes Kolleci, Texas Dövlət Universiteti və Texas A&M Universitetinin professor, tələbə və administrativ heyəti iştirak edəcək.
12-15 avqust tarixlərində həyata keçiriləcək proqram çərçivəsində iştirakçılar Azərbaycanın iqtisadi, siyasi və ictimai vəziyyəti, o cümlədən tarix və mədəniyyəti ilə tanış olmaq imkanı əldə edəcəklər. Proqram təlimçiləri arasında ADA-nın professor heyəti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yüksək rütbəli nümayəndələri və parlament üzvləri olacaq.
Proqramın gündəliyinə Azərbaycanın regional və xarici siyasət prioritetlər, Dağlıq Qarabağ münaqişəsi, Avro-Atlantik inteqrasiya, enerji təhlükəsizliyi və Azərbaycanın bu sahədə əldə etdiyi uğurlar mövzularında seminarlar da daxildir.