Azərbaycan hökuməti “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və İsrail Dövlətinin Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş” layihəsinin son variantı yaxın günlərdə İsrail tərəfinə təqdim edəcək. Bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov məlumat verib.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bazar ertəsi nazir İsrailin Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Rafael Harpazla görüşüb.
Görüşün əsas məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində inkişaf perspektivləri və gələcək əməkdaşlıq imkanlarının müzakirəsi olub.
İ.Abasov bildirib ki, 2010-2012-ci illərdə “Aqrolizinq” ASC İsraildən 4 ədəd 750 hektarlıq damcılı suvarma sistemi alıb. Bu sistemlər Goranboy rayonunda 170 ha, Kürdəmir rayonunda 380 ha, Yevlax rayonuda 200 ha sahədə quraşdırılıb. 2011-2012-ci illərdə “Aqrolizinq” ASC tərəfindən İsrailin “Netafim” şirkətindən hər biri 2 hektarlıq 2 ədəd istixana alınıb, Abşeron və Samux rayonlarında quraşdırılıb.
Nazir Azərbaycanla İsrail arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üzrə təkliflərini nəzərə çatdırıb. Bunlar istixana təsərrüfatlarının yaradılması sahəsində əməkdaşlığın davam etdirilməsi, mütərəqqi suvarma texnologiyalarının, o cümlədən damcı üsulu ilə suvarma sisteminin təşkili sahəsində əməkdaşlıq, torpaqların konsolidasiyası, kooperasiyaların və kənd təsərrüfatı istehsalçıları birliklərinin yaradılması sahəsində təcrübə mübadiləsi, kənd təsərrüfatı məhsullarının tədarüki, satışı sahəsində İsrailin təcrübəsinin öyrənilməsi, aqrar yönümlü elmi-tədqiqat institutları arasında əməkdaşlıq əlaqələrinin yaradılması, aqrar-elmi tədqiqat sahəsində əldə olunmuş son yeniliklərə dair informasiya mübadiləsinin təşviq edilməsi məqsədilə aqrar sahə ilə bağlı forumların, konfransların, simpoziumların, seminarların və təlimlərin təşkilinə dair təkliflərdir.
Səfir Rafael Harpaz İ.Abasova bu ilin oktyabr ayında İsraildə keçiriləcək kənd təsərrüfatı üzrə beynəlxalq “VATEC” sərgisinə dəvət məktubunu təqdim edib.