Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri Kremlin yüksək səviyyəli dialoqa verdiyi fasilənin başa çatması deməkdir. Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov buna əmindir.
“Vladimir Putinin Azərbaycana səfəri onun Kremlə qayıdışından sonra yüksək səviyyəli dialoqa verilən fasilənin başa çatmasının göstəricisidir. Bu fasilə prinsip etibarilə Rusiyanın regiona və Azərbaycana qarşı yürütdüyü siyasətin yenidən qiymətləndirilməsinə, yəni onların ortamüddətli perspektivdə kiminlə münasibət quracağının müəyyənləşdirilməsinə həsr edilmişdi”, - deyə R.Musabəyov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
O hesab edir ki, “bu mərhələ başa çatıb və bu səfər işgüzar xarakterli olsa da, Rusiya prezidentini müşayiət edən nüfuzlu nazirlər qrupu onu göstərir ki, Azərbaycan Rusiyanın çox vacib strateji tərəfdaşıdır və Moskvanın Bakı ilə müzakirə edəcək mövzuları var”.
Onun fikrincə, dövlət başçılarının görüşünün gündəliyində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması müzakirə mövzularından biri olsa da, bu məsələdə hər hansı irəliləyiş gözləməyə dəyməz.
“Rusiya rəhbərliyinin səfərinin nəticəsi olaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı təşəbbüs və ya qərarların olacağını gözləmirəm. Lakin prezidentlər və xarici işlər nazirləri arasında aparılan bu müzakirənin məzmunu, RF-nin Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanması üçün öz nüfuzundan necə istifadə edəcəyi vacibdir”, - deyə o qeyd edib.
Deputat həmçinin vurğulayıb ki, Azərbaycan rəhbərliyi də özü üçün müəyyən edəcək ki, “bu məsələdə Rusiyaya ümid etməyə dəyərmi və Rusiyanın digər təklifləri də bu məsələyə müvafiq olaraq qiymətləndiriləcək”.