2013-cü ilin yanvar-iyul aylarında Azərbaycanın sığorta şirkətləri istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 18 mln. 990 min 85,59 manat məbləğində sığorta haqqı əldə edib ki, bu da 2012-ci ilin analoji dövrünün göstəricisindən 10% çoxdur. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən məlumat verilib.
Azərbaycanda bu sığorta növü üzrə xidmətlər 3 sığorta şirkəti tərəfindən göstərilir.
Xidmətin məlumatına görə, cari yanvar-iyul aylarında sığorta şirkətləri sığortanın bu növü üzrə 707 min 440,44 manat (azalma 11,1%) məbləğində ödəniş ediblər.
Xəbər verildiyi kimi, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanun 2010-cu ilin iyul ayında təsdiq edilib. Həmin ilin dekabrında bu sığorta növü üzrə xidmətlərin göstərilməsi üçün normativ-hüquqi aktların təsdiq edilməsi prosesi başa çatıb.
Bu sığorta növü üzrə xidmətlərin göstərilməsi ilə yalnız həyat sığortası üzrə ixtisaslaşmış sığortaçılar məşğul ola biləcəklər. Hazırda Azərbaycanda həyat sığortası üzrə ixtisaslaşmış 3 sığorta şirkəti fəaliyyət göstərir.
Nazirlər Kabineti 2010-cu ilin noyabrında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta tariflərini təsdiqləyib. Nazirlər Kabinetinin qərarına əsasən, iqtisadi fəaliyyətin bütün növləri 14 risk səviyyəsinə ayrılıb. Riskin bu səviyyəsindən irəli gələrək qulluqçular və fəhlələr üçün sığorta tarifinin həcmi müəssisənin risk səviyyəsindən asılı olaraq 0,2%-dən 2%-ə qədər təşkil edir.
Qanuna əsasən, sığorta tarifi müəssisədə əmək haqqı fonduna hesablanır.
Qanunda üç növ sığorta ödənişi nəzərdə tutulur: aylıq, birdəfəlik və əlavə.