Azərbaycan və Pakistan müdafiə sahəsində bir sıra birgə layihələr hazırlayır. Bu barədə çərşənbə günü jurnalistlərə Pakistanın Azərbaycandakı səfiri İkram Molla Məsud məlumat verib.
"Müdafiə sahəsində münasibətlərimiz inkişaf edir. Hazırda bu sahədə bir sıra layihələr hazırlanmaqdadır", - deyə diplomat söyləyib.
O, siyasi əlaqələrin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib.
"Pakistan və Azərbaycan arasında siyasi münasibətlər ən yüksək səviyyədədir. Hər iki ölkə beynəlxalq arenada bir-birini dəstəkləyir", - deyə İ.M.Məsud vurğulayıb.
Eyni zamanda səfir deyib ki, Bakı və İslamabad arasında iqtisadi əlaqələr mövcud potensiala cavab vermir.
“Bizim iqtisadi münasibətlərimiz siyasi əməkdaşlığımızın səviyyəsinə çatmayıb. Bunun müəyyən səbəbləri var, onlardan biri Azərbaycanla birbaşa hava əlaqəmizin olmamasıdır. Azərbaycan və Pakistan arasında birbaşa hava əlaqəsinin açılması texniki məsələdir. Ümidvaram ki, bu məsələ yaxın zamanlarda həll olunacaq”.
Onun sözlərinə görə, İslamabad iki ölkənin iş adamlarının qarşılıqlı səfərlərinin təşkilini aktivləşdirmək niyyətindədir: “Bütün dünyaya ixrac olunan Pakistan malları Azərbaycanda o qədər də geniş yayılmayıb. Biz iş adamlarının qarşılıqlı səfərlərini aktivləşdirməliyik. Əminəm ki, burada yaxşı bazar tapa bilərik”, - deyə səfir vurğulayıb.