Avqustun 13-də təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiq olunmuş 53 tələbə ilə görüşüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı nazir tələbələri təbrik edərək, onların Azərbaycanın ən layiqli gəncləri sırasında yer tutduğunu söyləyib. M.Cabbarov qeyd edib ki, azərbaycanlı gənclərin xaricdə təhsil almağa göndərilməsi ənənəsinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Xaricdə təhsil alan gənclərə xüsusi diqqət göstərildiyini vurğulayan təhsil naziri hazırda bu ənənənin uğurla davam etdirildiyini söyləyib.
Gənclərə Azərbaycanla daim sıx əlaqə saxlamağı tövsiyə edən nazir onların hər birinin xaricdə ölkəmizi layiqincə təmsil edəcəyinə ümidvar olduğunu bildirib. O, gənclərin seçdikləri ixtisaslar üzrə hərtərəfli biliklərə yiyələnməsinin əhəmiyyətinə toxunub, onların yüksək səviyyəli mütəxəssis kimi ölkəmizə dönəcəklərinə əminliyini ifadə edib.