Mərkəzi Seçki Komissiyasının (MSK) çərşənbə günü keçirilən növbəti iclasında prezident seçkilərində iştirak etmək istəyən iki iddiaçının namizədliyi təsdiqlənib.
MSK üzvləri səsvermə yolu ilə Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin və Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin namizədliyini təsdiq ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri MSK-nın iclasından xəbər verir.
Beləliklə, MSK prezident postuna 6 iddiaçının namizədliyini təsdiq edib: hakim Yeni Azərbaycan Partiyasının sədri, indiki dövlət başçısı İlham Əliyev, Azadlıq Partiyasının lideri Əhməd Oruc, Ümid Partiyasının sədri İqbal Ağazadə, seçkilərdə müstəqil namizəd kimi iştirak edəcək hüquqşünas İlqar Məmmədov (Altay), Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev.
Bundan başqa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin sənədləri qeydiyyata alınmaq üçün MSK-ya daxil olub.
Azərbaycanda növbəti prezident seçkiləri 2013-cü il oktyabrın 9-da keçiriləcək.